“Zurabişvili Saakaşvilini əfv edə bilər”

“Gürcüstan Prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixail Saakaşvilinin əfv planını nəzərdən keçirir”. 

Bizimxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

“Salome Zurabişvili şəxsən Mixail Saakaşvili və “Vahid Milli Hərəkat” sayəsində vəzifədə qalmaqdadır. Siz gürcü xalqının əhval-ruhiyyəsini, Konstitusiya Məhkəməsi və parlamentin onun impiçmenti ilə bağlı qərarını görmüşdünüz. Əlbəttə ki, bütün bunların əfvlə bağlı öz öhdəlikləri var və əminəm ki, onun belə planları olacaq”, - Papuaşvili deyib.

Gürcüstan parlamentinin spikeri xatırladıb ki, Zurabişvilinin Gürcüstan Konstitusiyasını pozduğuna görə 2023-cü ilin oktyabrında qanunverici orqanda impiçment səsverməsi keçiriləndə “Vahid Milli Hərəkat” bunun əleyhinə səs verib və bu da ona öz postunu saxlamağa imkan verib.

Qeyd edək ki, “Vahid Milli Hərəkat” Partiyası 2001-ci ildə M. Saakaşvili tərəfindən yaradılıb.

Xatırladaq ki, hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı dörd cinayət işi açılıb, onlardan ikisinə görə siyasətçi qiyabi olaraq üç və altı il müddətinə azadlıqdan məhrum edilib. Müxalifətin 7 noyabr 2007-ci il mitinqinin dağıdılması, Gürcüstanın “İmedi” teleşirkətinin ofisinin talan olunması və 9 milyon lariyə yaxın (3,3 milyon dollardan çox) dövlət vəsaitinin mənimsənilməsinə dair işlər baxılmaqdadır.

2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin həbs olunub. Bundan sonra ona qarşı yeni ittiham irəli sürülüb - sərhədi qanunsuz keçmək. 2022-ci ilin may ayında səhhətinin pisləşməsi səbəbindən Tbilisinin özəl “Vivamed” klinikasına yerləşdirilib.