Aİ Ermənistanla vizasız rejimlə bağlı danışıqlara başlayıb

Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə "Azadlıq" radiosu və "Avropa həqiqəti" məlumat yayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinasla İrəvanda keçirdiyi görüşdə bu danışıqların başlanmasını təsdiqləyib.

Paşinyan qeyd edib ki, münasibətlərdə əhəmiyyətli dəyişikliklər baş verir və Ermənistanın Avropa Sülh Fondundan dəstək alması barədə qərar qəbul olunub. O, viza rejiminin liberallaşdırılması üzrə danışıqların başlanmasını yüksək qiymətləndirib. Eyni zamanda, Ermənistanın Aİ-yə üzvlük perspektivləri də aktiv şəkildə müzakirə olunur.

Marqaritis Şinas bildirib ki, Aİ Ermənistanla münasibətləri gücləndirmək və bu ölkədə islahatları təşviq etməkdə maraqlıdır. O, Ermənistan hökuməti ilə viza liberallaşdırılması üzrə səmərəli əməkdaşlığa ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, 2014-cü ildən Aİ və Ermənistan arasında viza rejiminin sadələşdirilməsinə dair saziş mövcuddur. 2024-cü il iyulun 23-də Avropa Komissiyası Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq qərarına gəlib. Aprel ayında Avropa Parlamenti Ermənistana Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsi imkanlarını nəzərdən keçirməyi təklif edən qətnamə qəbul etmişdi.