Gürcüstan prezidenti Salome Zurabişvili Qərb ölkələrini parlament seçkilərinin nəticələrinə yenidən baxılması üçün ölkənin hakim “Gürcü Arzusu” partiyasına ciddi təzyiq göstərməyə çağırıb.
Bizimxeber.az bildirir ki, o, bu barədə Gürcüstanın “ Azadlıq ” radiosuna müsahibəsində bildirib.
Zurabişvili deyib ki, belə bir təzyiq olmasa və seçkinin nəticələrinə yenidən baxılmasa, Gürcüstan “Avropa perspektivini” itirə bilər: "Gürcüstanın Avropa və Qərb tərəfdaşları hökumətə "fövqəladə təzyiq" göstərməlidir ki, "seçkilərin nəticələrini və oğurlanmış səslərin sayını yenidən nəzərdən keçirsin. İndi çox şey bizim tərəfdaşlarımızın reaksiyasından, onların reaksiyasının nə dərəcədə birmənalı olacağından, hakimiyyətə təzyiqlərinin nə qədər güclü olacağından asılıdır. Çünki mən hesab edirəm ki, heç kim Gürcüstanı bu şəkildə Rusiyaya uduzmağa tab gətirə bilməz".
Onun sözlərinə görə, yerli təşkilatlar seçicilərin saxtakarlığı ilə bağlı iddiaları sübut etmək üçün məlumat və sübutlar toplamaq üzərində işləyir.
O, həmçinin ictimai rəy sorğularının və “exit-poll”un nəticələrinə diqqət çəkib və Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrindən fərqli mənzərə yaratdığını qeyd edib.