ATƏT Gürcüstanda keçirilən seçkilərdə baş vermiş pozuntularla bağlı yekunlarını açıqlayıb.
Bizimxeber.az bildirir ki, hesabatda qeyd olunur ki, Gürcüstanda keçirilən parlament seçkiləri ərəfəsində hakimiyyətin atdığı addımlar beynəlxalq müşahidəçilərin diqqətini cəlb edib. DTİHB/ATƏT-in hesabatında, hakim partiyanın amnistiya proqramı və elektron səsvermənin yoxlanılması prosesində yerli müşahidəçilərin iştirakının məhdudlaşdırılması ilə bağlı narahatlıqlar ifadə olunub. Bu tədbirlər, müşahidəçilərə görə, partiyaya “qanunsuz üstünlük” verərək, dövlət və partiya arasında sərhədləri bulanıqlaşdırıb.
Mərkəzi Seçki Komissiyasının səsvermə prosesinin şəffaflığını azaltması, seçki məntəqələrində qeyri-şəffaflıq və seçici identifikasiyası cihazlarının kameralarla izlənməsi, seçki sirrinin pozulması təhlükələrini artırıb. Beynəlxalq missiya, seçki günündə və seçkiqabağı dövrdə hədə-qorxu və təzyiq halları ilə bağlı da narahatlıqlarını bildirib.
Eyni zamanda, Gürcüstanın Prokurorluğu seçki saxtakarlığı ilə bağlı faktları araşdırmağa başlayıb. Prezident Zurabişvili də bu məsələlərlə bağlı dindirilməyə çağırılıb, lakin dindirməyə gəlməkdən imtina edib.
Bu vəziyyət, Qərb ölkələrinin Gürcüstanda seçkilərin necə keçirildiyi və müşahidə olunan problemlərin necə araşdırılacağı ilə bağlı olan narahatlıqlarını artırır.