Sinqapur məhkəməsi Bidzina İvanişvilinin itkiyə görə İsveçrə bankından almalı olduğu pulun məbləğini azaldıb.
Bizimxeber.az Bloomberg-ə istinadən bildirir ki, İsveçrənin UBS qrupu milyarder iş adamı Bidzina İvanişviliyə Sinqapur məhkəməsinin ilkin olaraq qoyduğu məbləğlə müqayisədə 282 milyon dollar az ödəməlidir.
Bu, UBS qrupunun 2024-cü ilin üçüncü rübünün yekunlarını müşayiət edən bəyanatından məlum olur.
Sinqapur məhkəməsinin ilkin qərarına görə, “Gürcü arzusu”nun fəxri sədri, Gürcüstanın keçmiş baş naziri İsveçrə bankından 743 milyon dollar almalı idi. İndi bu məbləğ 461 milyon dollara qədər azalıb.
Bidzina İvanişvili oktyabrın 21-də “İmedi” televiziyasında yayımlanan müsahibəsində bu işlə bağlı danışıb. Onun sözlərinə görə, təzminatın məbləği hər iki tərəfdən ekspertlərin iştirakı ilə müəyyən edilməli idi, bu, iki saatlıq məsələ idi, baxmayaraq ki, Credit Suisse eksperti bu işə tam iki ay vaxt sərf edib və nəhayət, məhkəmə bu barədə hökm çıxarıb.