Tramp və Harris ABC-də debata çıxmaq barədə razılığa gəldi

ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris sentyabrın 10-da ABC telekanalında debata çıxacaqlar.

Bu barədə CNN yazır.

"ABC News sentyabrın 10-da ABC telekanalında prezidentliyə namizədlərin debatına ev sahibliyi edəcək. Vitse-prezident Harris və keçmiş prezident Tramp ABC kanalında keçiriləcək debatda iştirak edəcəklərini təsdiqləyiblər", - kanaldan bildirilib.

CNN qeyd edir ki, Tramp Floridadakı Mar-a-Laqo mülkündə mətbuat konfransında çıxış edərək vitse-prezidentlə sentyabrın 4-də Fox News-da, sentyabrın 10-da ABC və sentyabrın 25-də NBC kanallarında debata çıxmağı "səbirsizliklə gözlədiyini" və qarşıdan gələn debat tarixləri ilə razılaşdığını söyləyib.

Tramp əlavə edib ki, tamaşaçılar və yer də daxil olmaqla, "xırda detallar”ın üzərində hələ ki iş gedir. O, həmçinin Harrisin debatın bütün şərtləri ilə razılaşacağına şübhə etdiyini bildirib.

Əvvəllər ABC debatına razılıq verən Harris cümə axşamı daha sonra iştirakını təsdiqləyib və gələcək debatları müzakirə etməkdən "xoşbəxt olacağını" söyləyib.
Trampın danışdığı digər debatlara açıq olub-olmayacağı ilə bağlı suala Harris deyib: "10 sentyabrdan sonra əlavə debatlar haqqında söhbətlər etməkdən məmnun olaram".

Xatırladaq ki, Tramp bir qədər əvvəl Harrislə sentyabrın 4-də Fox News-un moderatorluğu ilə keçirilən tədbirdə debata çıxmağa razı olduğunu deyib.

Harris Trampın Fox News tərəfindən moderatorluq etdiyi debat təklifi ilə razılaşmayıb.