Bakı Atıcılıq Mərkəzinin keçmiş direktoru Bəyəli Hacıyevlə Gənclər və İdman Nazirliyi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo-nun məlumatlarına görə, tərəflər arasındakı mübahisə bu dəfə Ali Məhkəmədə araşdırılacaq. Zaur Əliyev iş üzrə hakim təyin edilib.
Bəyəli Hacıyev bir neçə il əvvəl işdən çıxarılıb. O, rəhbərliyin qərarı ilə razılaşmayaraq işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi tələbi ilə Nərimanov Rayon Məhkəməsində Gənclər və İdman Nazirliyinə qarşı iddia qaldırıb.
Lakin onun iddiası təmin edilməyib. Bəyəli Hacıyev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bəyəli Hacıyev isə hüquqi mübarizəsini davam etdirərək Ali Məhkəməyə kassasiya şikayəti verib.