“Gürcü arzusu” o qanunu geri götürməyəcək - Mdinaradze


“Gürcü Arzusu” ölkənin Qərb tərəfdaşları ilə münasibətlərinin pisləşməsinə səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanunu geri götürməyəcək.

Bizimxeber.az bildirir ki, “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib .

Brifinq zamanı ona qalmaqallı qanunun ləğvinin mümkünlüyü barədə sual verilib və o, belə cavab verib: "Xeyr. Xoşbəxt olmayacaqsınız, amma biz onu da ləğv etməyəcəyik".

Mdinaradzenin fikrincə, əgər Gürcüstanda bu qanun olmasaydı, indi Rustaveli prospektində on minlərlə insan dayanacaqdı:" Həm bu qanun, həm də təbliğatın qadağan olunması (“LGBT təbliğatının” qadağan edilməsi haqqında qanun – Red.) gürcü xalqının əksəriyyəti tərəfindən legitimləşdirilib”, – deyə Gürcüstanın hakim partiyasının nümayəndəsi əlavə edib.

Aİ dəfələrlə bəyan edib ki, Rusiya qanununun xarici agentlər haqqında analoqunun qəbulu Gürcüstanın Avropaya inteqrasiyasını dayandırıb. Aİ  LGBT nümayəndələrinin hüquqlarını məhdudlaşdıran qanunvericilik paketini də tənqid edərək, bunun Gürcüstanı Aİ yolundan daha da yayındırdığını qeyd edib.

Oktyabrın 30-da Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, “xarici təsir” haqqında qanunun və qondarma “ailə dəyərləri” haqqında qanunun ləğvi Aİ-yə doğru hərəkəti bərpa etmək yolunda Gürcüstana imkan yaradacaq şərtdir.