“Aqrora” şirkəti cərimələndi

Rusiyadan Azərbaycana iribuynuzlu mal-qara idxalı ilə məşğul olan "Aqrora" Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük qaydaları ilə bağlı inzibati xətaya görə cərimələnib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Bu maddə müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə inzibati xətanı özündə ehtiva edir.

Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.  Hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Amma cərimənin məbləği açıqlanmayıb.

Qeyd edək ki, "Aqrora" MMC Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, 2023-cü ildə qeydiyyata alınıb. 100 manat nizamnamə kapitalı ilə yaradılan "Aqrora"nın qanuni təmsilçisi isə Mustafayev Alim Ələkbər oğludur.