Aİ insanlara çağırış etdi - 3 günlük ərzaq ehtiyatı alın


Avropa Komissiyası Avropa İttifaqı ölkələrinin sakinlərinə kiberhücum və təxribat kimi böhran vəziyyətlərində üç gün yaşamaq üçün lazımi mal ehtiyatına malik olmağı tövsiyə edib.

Bizimxeber.az “Deutsche Welle”ə istinadən xəbər verir ki, bu tövsiyə mülki və hərbi müdafiənin təmin edilməsinə dair Avropa Komissiyasının dərc etdiyi hesabatda yer alıb.

Hesabat müəllifləri vətəndaşlar üçün kimyəvi, bioloji və ya nüvə insidentləri zamanı zəruri məhsulların mövcudluğu və qoruyucu tədbirlər haqqında təlimatların hazırlanmasını tövsiyə edir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, bir kiberhücum elektrik şəbəkələrinin bağlanmasına və bütün şəhərləri qaranlığa qərq edə bilər.

Bundan əlavə, Avropa Komissiyası əhaliyə təhlükəsizlik tədbirləri ilə bağlı lazımi izahatların veriləcəyi Avropa Böhrana Hazırlıq Gününün təşkilini təklif edir.

Hesabatın müəllifləri belə qənaətə gəliblər ki, Avropa İttifaqı Rusiyanın hibrid hücumlarına və Aİ-də vəziyyəti sabitsizləşdirmək cəhdlərinə kifayət qədər hazır deyil.

Ekspertlər milli xüsusi xidmət orqanları ilə Aİ kəşfiyyat mərkəzi arasında əməkdaşlığı asanlaşdıracaq xüsusi təxribat əleyhinə şəbəkə yaratmağı tövsiyə edirlər. Hesabatda həmçinin terrorizm, casusluq və təxribatla mübarizə üçün şifrələnmiş məlumatlara çıxış üçün hüquqi bazaların yaradılması zərurətindən bəhs edilir.

Bundan başqa, hesabatda silah və hərbi texnikanın alınmasında maneələri aradan qaldırmaq üçün müdafiə məhsulları üçün vahid Avropa bazarının yaradılması tövsiyə olunur.

Qeyd edək ki, İsveçrə qlobal miqyasda artan təhlükəsizlik səviyyələri təhlükəsi səbəbindən köhnə bomba sığınacaqlarını və mülki müdafiə bunkerlərini modernləşdirməyə başlayıb. Aktiv modernləşdirmə prosesi növbəti 15 il ərzində davam edəcək və təxminən 220 milyon frank (254 milyon dollar) başa gələcək.