Britaniya səfiri Anar Məmmədlinin həbsindən yazdı

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old Anar Məmmədlinin həbsi ilə bağlı narahatlığını bildirib. 

"Biz Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının, o cümlədən Anar Məmmədlinin həbsindən narahatıq. Biz Azərbaycanı insan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Vətəndaş cəmiyyətinə dəstəyimiz Britaniya-Azərbaycan münasibətlərinin əsas sütunudur", - səfir X sosial platformasında yazıb. 

Qeyd edək ki, vəkil Elmar Süleymanov mayın 1-də 1 saylı Bakı İstintaq Təcridxanasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə görüşüb. Vəkilin sözlərinə görə, Məmmədli özünü normal hiss edir.

Eyni zamanda, Məmmədli ona qarşı irəli sürülən ittihamı rədd edir.

Məmmədlinin başına torba keçirilərək məhkəməyə gətirilməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirən vəkil bildirib ki, hüquq müdafiəçisi bu məlumatı təsdiqləməyib: "Anar Məmmədli bildirdi ki, o, məhkəməyə əllərinə arxadan qandal vurulmuş, başı aşağı əyilmiş halda gətirib-aparıblar. Lakin başına torba taxılmayıb".

Məmmədli istintaq təcridxanasında rəftardan şikayəti olmasa da, karantində antisanitar şəraitin olduğunu qeyd edib. Hələlik, vəkilin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Anar Məmmədli barəsində 3 ay 28 günlük həbs qərarı verilib.