Azərbaycanın İrandakı səfirliyi yeni yerdə işini bərpa edəcək

Azərbaycanın İrandakı səfirliyinin işinin bərpası istiqamətində tədbirlər görülür.

Səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə KİV-in sorğusuna cavabında bildirib.

Ötən ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror hücumundan sonra İran tərəfilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub, Hacızadə deyib.

“Son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyatı qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfilə müvafiq iş aparılıb.

Hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Qeyd edilən işlər yekunlaşandan sonra,səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır”, - Hacızadə bildirib.

*27 yanvar 2023-cü ildə silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinə hücum edərək atəş açıb. Nəticədə bir mühafizəçi ölüb, digəri yaralanıb. Üçüncü mühafizəçi hücumçunu binadan çıxara bilib.

Bakı hücumu terror aktı kimi qiymətləndirib. Səfirlik evakuasiya edilib. Səfirliyə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə 2023-cü ilin oktyabrında ölüm cəzasına məhkum edilib. Lakin bu məlumat rəsmi olaraq təsdiqlənməyib.

Diplomatik mənbələrə görə, Yasin Hüseynzadənin barəsində ölüm hökmü çıxarılıb, məhkəmənin qərarı icra edilməyib.