Ukrayna Silahlı Qüvvələrinin tərkibində Kiberqoşunların yaradılması məsələsi Müdafiə Qüvvələrində müzakirə edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
''Kiberqoşunların ayrıca bir qoşun növü kimi yaradılması Ukrayna ordusunun imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək, kiberməkanda – quru, dəniz, hava və kosmosla bərabər ayrıca əməliyyat sahəsi kimi tanınan məkanda – tam spektrli vəzifələrin səmərəli planlaşdırılması və icrasını təmin edəcək'', - məlumatda deyilir.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin ayrıca bir qoşun növü kimi Kiberqoşunların yaradılması konsepsiyasının layihəsi Müdafiə Qüvvələrinin nümayəndələri, Ukrayna Ali Radasının təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri üzrə komitəsinin üzvü olan xalq deputatları və ekspertlər tərəfindən Ukrayna Baş Qərargah rəisi, general-leytenant Anatoli Barqileviçin sədrliyi ilə keçirilən görüşdə müzakirə edilib.
Qeyd olunur ki, iclas iştirakçıları dünya ölkələrinin qabaqcıl Kiberqoşunlarının yaradılması və fəaliyyət göstərməsi təcrübəsini nəzərə alaraq konsepsiyanın əsas müddəalarını nəzərdən keçiriblər.
Bundan əlavə, tərəflər Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna Müdafiə Qüvvələrinin digər tərkib hissələrinin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzünə qarşı durmaq üçün kiberməkanda istifadə təcrübəsini təhlil ediblər və təhlükəsizlik və müdafiə sektorunun tərkib hissələri arasında səlahiyyət bölgüsünə uyğun olaraq Kiberqoşunların əsas vəzifə və funksiyalarını müəyyənləşdiriblər.