Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnaməni qəbul edib.
Bizimxeber.az bildirir ki, 453 deputat qətnamənin lehinə, 31-i əleyhinə səs verib, 89 nəfər səs vermədə iştirak etmədi.
“Azərbaycandakı vəziyyət, insan haqları və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlərlə bağlı” sənəddə Azərbaycan və Dağlıq Qarabağdakı vəziyyətlə bağlı əvvəlki qətnamələrin nəzərə alındığı qeyd olunub.
Parlamentarilər 2024-cü il noyabrın 11-dən 22-dək keçirilməsi planlaşdırılan BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı (COP29) üçün məkan kimi Azərbaycanın paytaxtı Bakının seçilməsi məsələsinə də toxunublar. Bildiriblər ki, bu tədbir Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsi ilə əlaqədar mübahisələrə səbəb olub.
Qətnamə müəllifləri qeyd ediblər ki, Azərbaycan hakimiyyəti beynəlxalq hüququ kobud şəkildə pozub, qonşu Ermənistana qarşı təcavüzkar davranıb, eyni zamanda konfrans ərəfəsində ölkədə vətəndaş cəmiyyəti təşkilatlarına, fəallara, müxalifət siyasətçilərə və qalan müstəqil mediaya qarşı repressiyaları gücləndirib.
Sənəddə Azərbaycanda vətəndaş cəmiyyəti fəalları Qubad İbadoğlu, Anar Məmmədli, Bəxtiyar Hacıyev, Tofiq Yaqublu, İlham Quliyev, Əziz Orucov, Bəhruz Səmədov və Akif Qurbanov da daxil olmaqla 300-dən çox siyasi məhbusun siyahısı qeyd olunub, onların qeyri-insani şəraitdə saxlanması, işgəncə və adekvat tibbi xidmətdən məhrum edilməsi vurğulanıb.
Bildirilir ki, Azərbaycan hakimiyyəti fəalları, jurnalistləri, siyasi opponentlərini qondarma və siyasi motivli ittihamlarla həbs edir.
Bu arada Avropa Parlamentinin məlum qətnaməsinə Azərbaycan Milli Məclisindən münasibət bildirilib.
"Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi ilə tanış olduq. Özünü Avropa parlamentarizminin siması kimi təqdim edən bu təsisat qoca qitənin bütün problemlərini bir kənara qoyaraq, yenidən ölkəmizə qarşı hücuma keçib".
Bu fikirlər Avropa Parlamentinin 24 oktyabr tarixli qətnaməsinə Azərbaycan Milli Məclisinin münasibəti ilə bağlı şərhində yer alıb.
Şərhdə deyilir ki, Avropa Parlamentinin Azərbaycan xalqının haqlı gözləntilərinə münasibətdə etinasızlığına artıq alışmışıq. Nəticə etibarilə, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalı, şəhər və kəndlərimizin yer üzündən silinməsi, işğal olunmuş torpaqlarımızda və Ermənistan ərazisində xalqımızın tarixi, dini və mədəni irsinin kütləvi şəkildə dağıdılması və mənimsənilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq soydaşımızın hüquqlarının tapdanması, onların uzun illər ərzində çəkdikləri iztirablar avropalı parlamentariləri heç vaxt maraqlandırmayıb. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına icra etməsi ilə də barışa bilməyiblər.
Lakin indi məlum olur ki, Avropa Parlamenti artıq öz anti-Azərbaycan xislətini bütün rəngarəngliyi ilə nümayiş etdirməyə qərar verib. Qətnamənin mətnindən də göründüyü kimi, ölkəmizə qarşı fəaliyyət göstərən müxtəlif maraq qruplarının istifadə etdikləri ayrı-ayrı mövzuların, təzyiq alətlərinin toplanaraq, bir sənəd formasında tərtib olunması məhz bunu deməyə əsas verir.
Bir neçə kağız parçasında Azərbaycana qarşı saxta məlumatlara əsaslanan faktlar, absurd iddialar, ittihamlar, təhdid və tələblər irəli sürülür. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edilir, daxili işlərimizə müdaxiləyə cəhdlər göstərilir. Eyni zamanda, Ermənistana xüsusi nəvaziş nümayiş etdirilir, onun silahlandırılması təşviq olunur, bununla da həmin ölkədə revanşist meyllərin gücləndirilməsinə və regionda yenidən münaqişənin alovlandırılmasına ciddi təşəbbüs göstərilir.
Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnaməsini qəti şəkildə rədd edir. Bildiririk ki, parlamentimiz ölkəmizin və xalqımızın mənafelərinin müdafiəsi naminə aparılan bu siyasəti birmənalı şəkildə dəstəkləyir və onun reallaşması üçün bütün qüvvəsini bundan sonra da səfərbər edəcək.