"Rusiya 2017-2020-ci illər arasında Gürcüstanın demək olar ki, bütün dövlət qurumlarını və iri şirkətlərinin elektron sistemlərini sındırıb".
Bizimxeber.az Bloomberg-ə istinadən bildirir ki, sındırılanlar arasında Gürcüstanın Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank və hökumətyönlü İmedi TV və Maestro da daxil olmaqla iri enerji və telekommunikasiya provayderləri var.
Hack edilmiş qurumlar arasında Mərkəzi Seçki Komissiyasının da adı var.
Bloomberg hesabatında qeyd edilir ki, Rusiyanın seçkilərin nəticələrinə təsir etmək məqsədilə haker hücumu iddiaları ölkə 2016-cı ildə ABŞ seçkilərinə müdaxilə etməkdə ittiham edildikdən sonra gündəmə gəlib.
Bəzi avropalı siyasətçilərin gördüyü sənədlərə əsaslanan hesabatda deyilir ki, casusluq həm də Moskvaya Gürcüstanın əsas infrastrukturuna, o cümlədən elektrik və rabitə şəbəkələrinə müdaxilə etmək imkanı verib.
Nəşrin məlumatına görə, Rusiya kəşfiyyat idarəsi bir sənədə əsasən, Batumi Neft Terminalının şəbəkəsi kimi kritik infrastrukturda zəifliklər axtarıb. Rusiyanın Baş Kəşfiyyat İdarəsi (GRU) Gürcüstanın Mərkəzi Seçki Komissiyasına (MSK) da müdaxilə edərək, “bəzi e-poçt hesablarına giriş əldə edib”.