Ukrayna müharibəsini bu diplomat həll edə bilər


ABŞ-ın Almaniyadakı keçmiş səfiri, dövlət katibi vəzifəsinə namizəd olan Riçard Qrenell Ukraynadakı münaqişənin həlli ilə məşğul olacaq. 

Bu barədə "Axios" portalı mənbələrə istinadən yazıb.

Məlumata görə, Qrenell prezidentlik kampaniyası zamanı Donald Trampa xarici siyasət məsələləri ilə bağlı məsləhətlər verib və böyük ehtimalla öz postunda Ukrayna münaqişəsinin həllində iştirak edəcək.

Portalın məlumatına görə, ABŞ dövlət katibi vəzifəsinə digər namizədlər senator Bill Haqerti və Trampın keçmiş milli təhlükəsizlik müşaviri Robert O'Brayendir. Bundan əlavə, jurnalistlər ABŞ Konqresinin nümayəndəsi Elise Stefanikin ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd hesab edildiyini bildiriblər. Qrenell X sosial şəbəkəsində yazıb ki, tezliklə dünyaya sülh gələcək: "Amerika və dünya xilas oldu. Tezliklə sülh gələcək".

Bununla belə, o, hansı münaqişənin həll ediləcəyini və sülhün haradan gələcəyini açıqlamayıb.