Trampın milli təhlükəsizlik komandasında kimlər olacaq?


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, milli təhlükəsizlik komandasında keçmiş generallara yer verməməyi və daha çox iş adamlarına və şirkət rəhbərlərinə üstünlük verməyi planlaşdırır.

Bizimxeber.az bildirir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Trampın yüksək vəzifələrə özünə sadiq insanları cəlb etməyi düşündüyü bildirilir. Onun bu yanaşması, ABŞ-ın siyasi və təhlükəsizlik komandasını daha çox şəxsi loyalistik üzərində quracağına işarə edir. Seçki kampaniyası zamanı Tramp bəyan edib ki, o, vəzifəyə başladıqdan dərhal sonra Rusiya və Ukrayna arasında danışıqları sürətləndirməyi və müharibəni dayandırmağa çalışacaq.

Trampın Dövlət Katibi vəzifəsinə ən güclü namizədlərdən biri keçmiş ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenelldir. Qrenell, seçki kampaniyası zamanı Trampa xarici siyasət məsələlərində məsləhətlər verib və ehtimal olunur ki, o, Rusiya-Ukrayna müharibəsinin həlli üçün diplomatik yolları araşdıracaq. ABŞ Senatında Respublikaçıların əksəriyyətə sahib olması isə Qrenellin təsdiqlənməsindəki çətinlikləri neytrallaşdıracaq.

Dövlət katibi vəzifəsi üçün digər potensial namizədlər arasında Trampın ilk dövründə Yaponiyada səfir olan senator Bill Hagert və Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Robert O'Brayen də yer alır. Bununla yanaşı, keçmiş Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus da yüksək səviyyəli postlar üçün nəzərdən keçirilir.

Müdafiə naziri vəzifəsinə bir neçə şəxs təklif olunub. Bunlar arasında keçmiş dövlət katibi Mayk Pompeo, respublikaçı senator Maykl Vals və Tramp dövründə qısa müddətə Milli Kəşfiyyat Direktoru vəzifəsində çalışmış Con Ratkliff yer alır. Vals həmçinin CIA direktoru vəzifəsinə də namizəd ola bilər.