"Partlayış qonşuluqda yerləşən şəkər sexində baş verib" - Siyalə Rüstəmova

Partlayış nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi Tədqiqat İnstitutuna ciddi ziyan dəyib. 

Bu barədə Qaynarinfo-ya institun direktoru Siyalə Rüstəmova məlumat verib. 

O deyib ki, partlayış onun rəhbərlik etdiyi qurumda deyil, qonşuluqda yerləşən şəkər sexində baş verib: "Şəkər sexində qazanxana partladı. Bizə külli miqdarda ziyan dəyib. Hazırda baş verən hadisə ilə bağlı araşdırma aparılır".

Qeyd edək ki, bu gün saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.

TƏBİB baş vermiş partlayışda 6 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

Bildirilir ki, 6 nəfər (3 kişi, 3-ü qadın olmaqla) müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar.

Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.