Məhkəmə Ülvi Həsənlinin şikayətini təmin etmədi


Oktyabrın 24-də Bakının Xətai Rayon Məhkəməsi Abzas Media onlayn nəşrinin direktoru Ülvi Həsənlinin 1 saylı Bakı İstintaq Təcridxanasına və Azərbaycan Penitensiar Xidmətinə qarşı şikayətini təmin etməyib.

Şikayət jurnalistin hüquqlarının pozulması, ona qarşı qeyri-insani rəftar və saxlanma şəraitinin pis olması ilə əlaqədar verilib, bu barədə jurnalistin vəkili Zibeydə Sadıqova bildirib.

"Biz şikayətdə qeyd etdik ki, 1 saylı Bakı İstintaq Təcridxanasında kameralara böyük fasilələrlə, gün ərzində cəmi 1-2 saat su verilir. Həsənli 4 kv. m sahəsi olan kamerada saxlanılır. Vəkilləri ilə görüşdən əvvəl və sonra üzərində axtarış aparılır, sorğu-sual edilir, Həsənlinin telefon danışıqları dinlənilir", deyə vəkil qeyd edib.

Həsənli İstintaq Təcridxanasında şahidi olduğu işgəncə faktlarını ictimailəşdirdikdən sonra onun təhlükəsizliyi üçün təhdid yaranıb.

"Sentyabrın 11-də İstintaq Təcridxanasının Naib adlı əməkdaşı Ülviyə bərk vurub. Ülvi qeyri-insani şərtlərlə məhkəməyə gətirilir və İstintaq Təcridxanasına qaytarılır. Digər tərəfdən, Həsənliyə iki yaşlı övladı ilə "canlı görüşləri" əsassız olaraq qadağan ediblər. Biz bütün bu məsələləri şikayətdə qeyd etdik və məhkəmədən Həsənlinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər görməyi xahiş etdik", deyə vəkil əlavə edib.

1 saylı Bakı İstintaq Təcridxanasının və Penitensiar Xidmətin nümayəndələri məhkəməyə gəlməyiblər. Bununla belə, məhkəmə şikayəti təmin etməyib, deyə Sadıqova bildirib. Onun sözlərinə görə, müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcək.

* İyulda Həsənli İstintaq Təcridxanasında bu idarənin rəhbərliyinin iştirakı ilə məhbuslara işgəncə verildiyini bildirib (döyülmə, məhkumların qandalla barmaqlıqlara asılması, beton döşəməyə yatırılma, çarpayıya bağlanma, ayaqlarından asılma, dəmir çubuqlar və dəyənəklərlə döyülmə və s.).

1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov və onun müavinləri döyülənlərin problemli məhkumlar olduğunu, onlar döyülməsə, İstintaq Təcridxanasının idarəolunmaz hala gələcəini iddia edirlər.

Zorakılıq törədən əsas şəxslər rəis müavini, podpolkovnik Ceyhun Hacıyev və kapitan Cavid Güləliyev, gizir Pərviz Quliyevdir. Yarım il ərzində Həsənli 58 işgəncə faktı qeydə alıb.

Xatırladaq ki, Ülvi Həsənli və Abzas Media-nın daha bir neçə əməkdaşı 2023-cü ilin noyabrında xarici valyuta qaçaqmalçılığına dair uydurma ittihamla həbs ediliblər. Onların işi üzrə istintaq davam edir.