Makron 400 milyon toplamaq üçün Fransada beynəlxalq konfrans çağırdı

Fransada prezident Emmanuel Makronun təşəbbüsü ilə Livana humanitar yardım üçün 400 milyon dollar toplamaq üçün beynəlxalq konfrans çağırıb

Bizimxeber.əz bildirir ki, bu barədə BFMTV xəbər verib.

Konfrans oktyabrın 24-də Parisdə keçirilir və İsrailin Hizbullaha qarşı əməliyyatı səbəbindən ölkənin cənubundakı şəhərlərini tərk edən yüz minlərlə livanlıya təcili humanitar yardım üçün 400 milyon dollar və ya 370 milyon avro toplamaq məqsədi daşıyır. 

Tədbirdə 70 ölkə və 15 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir. Yelisey Sarayı, mümkün olan ən böyük töhfələri təmin etmək üçün səy göstərdiyini açıqlayıb. Fransa hələ ki, öz töhfə məbləğini açıqlamayıb.

Bundan bir gün əvvəl, Makron Livanın baş naziri Nəcib Mikatini qəbul edib.

Fransanın xarici işlər naziri Jan-Noel Barro Livandakı vəziyyətlə bağlı son şərhlərində bildirib ki, Paris hazırda əsas məqsədi atəşkəs zərurətini vurğulamaq, irimiqyaslı humanitar yardımların təşkili və Livanın rəsmi qurumlarına dəstək olmaqda görür.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Livana səfəri zamanı ölkənin hərbi əməliyyatlar ucbatından dağılmaq ərəfəsində olduğu barədə xəbərdarlıq edib.