Britaniyadan Kremlə sanksiya - Rus gəmilərinin ölkə limanlarına girişi qadağan ediləcək

Böyük Britaniya Rusiyanın neft tankerlərindən ibarət “kölgə donanmasına” qarşı ən böyük sanksiyalar paketini təqdim edib.

Bizimxeber.az bildirir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Yeni sanksiyalar Rusiyanın 18 neft tankerinə və dörd mayeləşdirilmiş təbii qaz tankerinə şamil edilir. Bu, Vladimir Putinin “kölgə donanması”na qarşı bu günə qədər ən böyük sanksiya tədbiridir.

“Daha 18 “kölgə donanması” gəmisinin Böyük Britaniya limanlarına girişi qadağan ediləcək və Britaniyanın aparıcı dəniz xidmətlərindən istifadə edə bilməyəcək, bununla da sanksiyaya məruz qalan neft tankerlərinin ümumi sayı 43-ə çatdırılacaq”, - deyə məlumatda bildirilir.

Yeni sanksiyaların hədəf aldığı neft tankerləri təkcə ötən il təxminən 4,9 milyard dollar dəyərində xammal daşıyıb. 

Britaniyanın sanksiyalarından yayınmaq üçün Rusiyanın ən böyük gəmiçilik şirkəti olan Sovcomflot gəmilərinin adını dəyişməyə cəhd etməyə məcbur olub. Bugünkü sanksiyalar onun daha çox gəmilərini hədəf alır.

Britaniya həmçinin daha 4 LNG tankerinə və Rusiyanın qaz şirkəti "Rusqazdobyça" ASC-yə qarşı sanksiya tətbiq edir. Bütün tankerlərin siyahısı Britaniya hökumətinin rəsmi saytında dərc olunub.

Xatırladaq ki, iyunun 24-də Aİ Şurası Rusiya Federasiyasının neft “kölgə donanması”na daxil olan tankerlərə qarşı yeni sanksiyalar elan edib. İyulda 40-dan çox Avropa ölkəsi Avropa Siyasi Birliyinin sammitində Rusiyanın neft “kölgə donanması” ilə mübarizə planı ilə bağlı razılığa gəlib.