Blinken Azərbaycanda baş verənləri yaxından izləyir

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında nizamlanmada öz vasitəçiliyini davam etdirir və inanır ki, "burada sülh mümkündür", Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.

"Bu, dövlət katibinin özünün şəxsən dərindən məşğul olduğu məsələdir", - brifinq zamanı Patel Entoni Blinkenin Bakı və Yerevana son telefon zənglərilə bağlı Turan-ın sualının cavabında deyib.

Bazar günü Blinken Azərbaycan prezidenti Əliyevlə və Ermənistanın baş naziri Paşinyanla ayrı-ayrılıqda danışıb. O, ABŞ-ın bu ölkələr arasında möhkəm və layiqli sülhə nail olmaq prosesinə dəstəyini təsdiqləyib və onları dinamikanı saxlamağa çağırıb.

"Hər iki ölkə ilə qarşılıqlı fəaliyyətimiz davam edir və biz əminik ki, sülh mümkündür", - o  deyib.

Blinken Əliyevlə söhbət zamanı Azərbaycanı "öz beynəlxalq öhdəliklərinə və insan hüquqları sahəsində öhdəliklərinə sadiq qalmağa, Azərbaycanda haqsız yerə saxlanılanları azad etməyə" çağırıb, Dövlət Departamentinin məlumatında qeyd olunub.

Lakin Blinkenin Bakıya zəngindən cəmi bir neçə saat sonra Azərbaycanda Seçkiləri Müşahidə Mərkəzinin rəhbəri Anar Məmmədli saxlanılıb.

Turan-ın “Bakının hərəkətləri ikitərəfli münasibətlərin hazırkı vəziyyətini əks etdirirmi?” sualına Patel birbaşa şərh verməkdən çəkinərək bildirib ki,  ABŞ Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin davam edən həbslərindən, xüsusən də Anar Məmmədlinin həbsindən "dərindən narahatdır".

"Və biz Azərbaycan hökumətini haqsız yerə saxlanılan bütün şəxsləri dərhal azad etməyə çağırırıq", -  o deyib.

Anar Məmmədli çərşənbə axşamı gündüz qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Məmmədli özü ittihamı rədd edir. Anar Məmmədlinin həbsi söz azadlığı və insan hüquqları ilə bağlı Qərbin narahatlığına səbəb olan bir sıra məsələlər qəbilindən son hadisədir.