Yunanıstan Şimali Makedoniyanın Aİ-yə üzvlüyünü əngəlləyəcək

Yunanıstan Şimali Makedoniyanın Aİ-yə üzvlüyünü əngəlləyəcək.

Bizimxeber.az bildirir ki, bu barədə Yunanıstanın baş naziri Kyriakos Mitsotakis yeni prezidentin ölkəni “Makedoniya” adlandırmasından sonra bu qərara gəlib. Şimali Makedoniyanın yeni prezidentinin bu açıqlaması Afina ilə mübahisəyə səbəb olub.

Hər iki ölkə 2018-ci ildə uzun və mübahisəli danışıqlardan sonra Yunanıstanın qonşusunun təkcə “Makedoniya” deyil, “Şimali Makedoniya” adlandırılması ilə bağlı razılığa gəliblər.

Ölkənin adının dəyişdirilməsini nəzərdə tutan Prespa sazişi Afina ilə Skopye arasında 27 ildir davam edən mübahisəyə son qoymuş və Şimali Makedoniyanın NATO-ya üzv olmasının yolunu açmışdı.

Həmin vaxt Yunanıstan qonşusunun Aİ-yə üzv olmaq cəhdini də dəstəkləyəcəyini bildirmişdi.

Bu razılaşmaya əsasən, Yunanıstan parlamenti Şimali Makedoniyanın Aİ-yə daxil olması prosesinin sürətləndirilməsini nəzərdə tutan üç memorandumu təsdiq etməli idi, lakin Afina qonşu ölkənin sazişin şərtlərinə tam əməl edib-etməyəcəyini gözləyir. .

“Qarşı tərəfin sazişin bütün müddəalarını yerinə yetirdiyinə tam əmin olmasaq, memorandumları ratifikasiya etməyəcəyik”, - Kiriakos Mitsotakis bildirib.

Prezident seçkilərində qalib gələn Şimali Makedoniya prezidenti Gordana Siljanovska Davkova inauqurasiya mərasimində Şimali Makedoniyanın keçmiş adından istifadə edərək Afina ilə Skopye arasında razılaşmanı pozub.