Yuliya Navalnaya Rusiyada prezident seçkilərində iştirak edəcək - Hazırlıq görür

Rusiya müxalifətinin dünyasını dəyişən lideri Aleksey Navalnının arvadı Yuliya Navalnaya, Rusiyada prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Bizimxeber.az bildirir ki, o, BBC-yə müsahibəsində bildirib ki, məqsədi ölkədə dəyişiklikləri daha yaxın və mümkün etməkdir.

O, Vladimir Putinin hakimiyyəti dövründə Rusiyaya qayıtmaq imkanının olmadığını qeyd edib. Həbs olunma qorxusu səbəbindən, hətta ərinin dəfn mərasiminə belə qatılmaqdan imtina etdiyini bildirib.

İyul ayında Moskvanın Basmannı məhkəməsi Navalnaya-nı ekstremist təşkilatda iştirak ittihamı ilə qiyabi həbs etmişdi. Onun barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Yuliya Navalnaya, Rusiyada dərhal dəyişikliyə nail olmağın sirrini bilmir, lakin hər gün kiçik addımlar atmağın vacibliyini vurğulayıb: "Əgər dərhal böyük bir şey edə bilmirsinizsə, hər gün kiçik bir şey edin."

Mühacirətdəki müxalifətin çətin vəziyyətlərlə üzləşdiyini qeyd edən Navalnaya, "Bir çoxları mühacirətdə və depressiyadadır. Mən inanıram ki, gec-tez hər şey dəyişəcək," – deyə əlavə edib.

Eyni zamanda, mühacirətdəki müxalifətin, Putinlə deyil, yalnız bir-biri ilə mübarizə aparması ilə razılaşmadığını bildirib. "Siyasi rəqabət normaldır, lakin bu, müxalifətin güclənməsinə mane olmamalıdır," – deyə Navalnaya vurğulayıb.

Yuliya Navalnaya, mübarizədən əl çəkməyəcəyini və Rusiyanın gələcəyi üçün mübarizəyə davam edəcəyini bəyan edib.