Yuliya Navalnaya ərinin işini davam etdirəcəyini açıqladı


Aleksey Navalnının həyat yoldaşı Yuliya videomüraciətində ərinin həbsdə öldürülməsindən sonra onun işini davam etdirəcəyini bəyan edib.

Bizimxeber.az bildirir ki, o , videomüraciətində olduqca maraqlı məqamlara toxunub.

“Üç gün əvvəl Vladimir Putin həyat yoldaşım Aleksey Navalnını öldürdü. Putin mənim uşaqlarımın atasını öldürdü. Putin məndə olan ən qiymətli şeyi - ən yaxın və ən sevimli insanı əlimdən aldı" deyə o, çıxışına başlayır.

“Putin təkcə Aleksey Navalnını öldürmədi, o, bizim ümidlərimizi, azadlığımızı, gələcəyimizi onunla birlikdə öldürmək istədi. Mən Aleksey Navalnının işini davam etdirəcəyəm. Ölkəmiz üçün mübarizəyə davam edin və sizi yanımda durmağa çağırıram”, - deyə siyasətçinin həyat yoldaşı əlavə edib.

Yuliya Navalnaya ərinin qətli ilə bağlı istintaqın açıqlandığını da açıqlayıb: “Biz bilirik ki, Putin üç gün əvvəl Alekseyi məhz niyə öldürdü. Bu barədə sizə tezliklə məlumat verəcəyik. Bu cinayəti dəqiq kimin və necə törətdiyini mütləq öyrənəcəyik. Adlar çəkib, üzləri göstərəcəyik”.