Vaqif Axundovun qohumu bu DSK-ya sədr qoyulur

Yaxın vaxtlarda 65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyasının sədri Səlamət Kərimovun vəzifəsindən azad ediləcəyi bildirilir.

Bizimxeber.az Pravda.az-a istinadən bildirir ki, həmin vəzifənin Salyandan olan iş adamı, komissiyanın üzvü Cəbrayılov Qəhrəman Bahadir oğluna həvalə ediləcəyi gözlənilir.

Qeyd edək ki, O, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi (2003–2020-ci illərdə), general-polkovnik Vaqif Axundovun qohumudur. Hazırda Q.Cəbrayılovun "Kür" oteli və şadlıq sarayına rəhbərlik etdiyi deyilir.

Q.Cəbrayılovla əlaqə saxlasaq da, zənglərə də, ünvanlanan sorğuya da cavab verməyib. 

Xatırladaq ki, fevralın 7-də keçirilmiş prezident seçkiləri zamanı 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkarlanmışdı. Nəticədə MSK-nın qərarı ilə məntəqə buraxılıb.