Ukraynaya daha uzun məsafələrə zərbə endirməyə icazə veriləcək

"Rusiya cəbhəni genişləndirməyə çalışarsa, Ukraynaya daha uzun məsafələrə zərbə endirməyə icazə veriləcək".

Bizimxeber.az bildirir ki, bunu ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Ceyms O'Brayen deyib.

"Əgər Rusiya hazırkı cəbhəni genişləndirməyə çalışarsa, o zaman Ukraynaya daha çox məsafədən atəş açmağa icazə veriləcək”, - deyə O'Brayen cavab olaraq bildirib.

O'Brayen qeyd edib ki, Kiyevin sərhədə yaxın Rusiya obyektlərini məhv etməsi səbəbindən Moskva irəliləmək imkanlarını itirir. Onun sözlərinə görə, ABŞ-ın prioriteti Ukraynanı silahla təmin etmək və onları lazım olan ərazilərdə” cəmləşdirmək olub.

"Birincisi, bu, Rusiyanın Xarkov yaxınlığında hücum əməliyyatı keçirdiyi ərazi idi. İndi də ( ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri ) Ceyk Sallivanın ötən həftə dediyi kimi, Rusiya bu cəbhəni genişləndirməyə çalışarsa, Ukraynaya daha uzaq məsafədəki hədəfləri vurmaq üçün icazə veriləcək".

Bu yaxınlarda ABŞ bəyan etdi ki, Ukrayna öz silahlarından təkcə Xarkov vilayəti yaxınlığındakı Rusiya ərazisində deyil, Rusiya ilə sərhədin istənilən nöqtəsində Ukrayna qoşunlarına atəş açan Rusiya qüvvələrinə hücum etmək üçün istifadə edə bilər.