Ukrayna parlamenti səfərbərlik qanununu qəbul etdi

Ukrayna parlamenti səfərbərlik haqqında qanunu qəbul edib.

Bizimxeber.az bildirir ki, qanunun leyhinə 283 deputat səs verib. Bunlar əsasən hakim “Xalqın xidmətçisi” partiyasının nümayəndələri və başqa deputatlardır. Müxalif “Avropa həmrəyliyi” və “Batkivşina” partiyaları qanun layihəsinin əleyhinə səs veriblər. Radada ötən dekabrdan bəri müzakirədə olan bu qanunun qəbulu üçün 226 səs tələb olunurdu.

Bu da qeyd olunur ki, son anda qanun layihəsindən üç illik xidmətdən sonra tərxisə dair norma çıxarılıb. Bu normanın qanun layihəsindən çıxarılmasını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski rica edib. Qərara alınıb ki, tərxis haqqında ayrıca qanun layihəsi hazırlansın.

Bu da xəbər verilirdi ki, Silahlı Qüvvələrin komandanlığı orduya 500 minədək adamın cəlb olunmasında israr edir. Bunun ardınca hakimiyyət mümkün səfərbərlik üçün daha kiçik rəqəm təqdim edib.

Qanun 18 yaşdan 60 yaşınadək kişi cinsindən olan bütün şəxslərin hərbi qeydiyyatdan keçmələrini tələb edir.

Bu həm də xaricdə yaşayan ukraynalılara aiddir. Qeyd olunur ki, hərbi qeydiyyat sənədi olmayanlara konsul xidmətləri göstərilməyəcək. Yeni qanuna görə vətəndaşlar çağırışçılar üçün elektron kabinet hazırlamalıdırlar ki, hərbi komissarlıqlar bunun vasitəsilə elektron çağırışları göndərə bilsinlər. Qanunda çağırışdan bir sıra güzəşt və azadolunmalar nəzərdə tutulur. Qanuna görə müddətli hərbi xidmət bir neçə ay davam edən baza hərbi hazırlığı ilə əvəz edilir.