Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun məhkəməsində qalmaqal yaşanıb. Siyasi fəal hakimin onun ailə üzvlərini – qızı Nigar Həzi və kürəkəni Seymur Həzini bir daha məhkəmə iclaslarına buraxılmamaq şərtilə zaldan çıxarmasına etirazını bildirib. O bəyan edib ki, ailə üzvləri məhkəməsinə buraxılmasa, bundan sonrakı məhkəmədə iştirakdan özü də imtina edəcək.
Yaqublunun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Nuriyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Sentyabrın 6-da keçirilən məhkəmə iclasında ifadə verən Yaqublu prezident İlham Əliyevin sifarişiylə həbs olunduğunu, bu məhkəmədən də ədalətli hökm gözləntisinin olmadığını vurğulayıb. İfadə verməkdə də məqsədi ona qarşı cinayət işindəki saxtakarlıqları ifşa edib, cəmiyyətə göstərməkdir.
Siyasi fəal cinayət işindəki ziddiyyətlərdən də danışıb. Məsələn, ona pulun Zabratda verildiyi iddia edilir. Onun sözlərinə görə, həmin vaxt Pirşağı ərazisində Milli Şuranın iclasında olub. Bunu telefon anten dairələrilə də sübut etmək olur:
“Yaxud da bütün dünya bilir ki, pasportun surəti ilə heç bir səfirlik adama viza verməz. Bu adamın məndə pasportu olmaya-olmaya, mən bunun üçün necə viza düzəldirdim?".