Trampa sui-qəsdə cəhd edən şəxs Ukraynanı dəstəkləyib

Federal Təhqiqatlar Bürosu ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına sui-qəsddə şübhəli bilinən şəxsin kimliyini müəyyən edib.

Bizimxeber.az bildirir ki, 58 yaşlı Rayan Raut, keçmişdə səkkiz dəfə həbs olunmuş və Ukraynanı fəal şəkildə dəstəkləyən biridir.

Rayan Uesli Rautun hüquq-mühafizə orqanları tərəfindən təqdim edilən şəxsi məlumatları onun Havayda yaşadığını və səkkiz dəfə qanunla problemləri olduğunu göstərib.

Jurnalistlər Rautun sosial şəbəkələrdə Ukraynanı dəstəklədiyini və əcnəbiləri Ukrayna tərəfində müharibəyə qoşulmağa çağırdığını araşdırıblar.

O, 2022-ci ildə X (Twitter) platformasında onlarla yazı paylaşmış və mübarizədə həyatını qurban verməyə hazır olduğunu bəyan etmişdi.

Eyni zamanda, Raut özünü Ukrayna hakimiyyətinin “qeyri-rəsmi vasitəçisi” adlandırmış və Əfqanıstan hərbçilərini Ukrayna üçün hərbi əməliyyatlarda fəal iştirak etməyə çağırmışdı.

Bundan əlavə, CNN-in mənbələrinin bildirdiyinə görə, ABŞ kəşfiyyatının nümayəndələri yaxınlarda Tramp kampaniyasının nümayəndələrinə İranın keçmiş prezident və onun ətrafına hücumları gücləndirməyi planlaşdırdığına dair yeni əlamətlər barədə məlumat veriblər.

Eks-prezidentə sui-qəsdlə bağlı istintaq hələ də davam edir.