Siyavuş, yazıçı Anar və ağsaqqal söhbəti...

Açığı heç vaxt deputat Siyavuş Novruzovun fikirlərini ciddi qəbul etməmişəm. Çünki onun fikirlərində nə böyük məna, nə də gələcəyə hesablanan heç nə görməmişəm. Bu mənim şəxsi fikirimdi.

Amma bu dəfə Siyavuş Novruzov çox maraqlı yerə girib -Ağsaqqal mövzusuna... 

Deyir ki, Azərbaycanda ağsaqqal anlayışı önəmlidir və əlavə edir ki, "Bu yaxınlarda Anarın heç bir kitabını oxumayan birisi deyir ki, “Anar getsin, evində ölsün”. Dünən ortaya çıxan, bir sətir yaza bilməyən, mübtəda ilə xəbərin yerini itirən adamlar Azərbaycanın məşhur bəstəkarlarına, rəssamlarına, alimlərinə yaş iradı tutur. Onlar bu yaşa qədər enişli-yoxuşlu yollar keçiblər, çalışıblar".

Cənab Novruzovun avazı yaxşı gəlir, amma oxuduğu Quran deyil. Niyə? Deyəcəm, biz az səbrli olun!

Əvvəla Azərbaycanda ağsaqqallara həmişə böyük hörmət olub, indi də var, gələcəkdə də olacaq. Dünyanın elə bir ölkəsi yoxdur ki, bizim millət qədər ağsaqqala hörmət bəsləsin. Amma o həqiqətən də ağsaqqaldırsa... 

Hə, o zaman sual yaranır, Əsl Ağsaqqal kimdir, necə olmalıdır və hansı yolu daha üstün tutmalıdır.  

İlk növbədə ağsaqqal ədalətli, doğru yolda olmalıdır, halalı, haramı, əyrini, düzü bilməlidir. Əsl ağsaqqal haqqı deməlidir və yaşadığı kənddə, obada insanların dərdini, sərini bilməlidir, onların sözü, gözü, qulağı olmlıdır. 

Cənab Novruzov, əsl ağsaqqal bilirsiz kimdir? 
Haqqı görüb susmayan, doğrunu deməkdən çəkinməyən, öz cibini güdməyən və lazım olan zaman həyatından keçməyi bacarandır.
 
Bu hələ ziyalıdırsa, alimdirsə, yazıçıdırsa, bəstəkardırsa lap əla... 
Onun üzərində daha böyük yük var, o daha böyük imkanlara 
maılikdir və daha çox kömək edə bilər. 

Anar belə ağsaqqallardandırmı?

Mənim yazıçı Anarla heç bir ədavətim yoxdur, nə də iddia etmirəm ki, o ağsaqqal deyil.  Amma Anar el üçün ağlayan ağsaqqal deyil. Oldumu?
Azərbaycanda kimsə demir ağsaqqalları güllələyin, atın, öldürün...
İnsanlar deyir ki, ağsaqqal adamsan, hörmətli yerini ver gənclərə, özün də qal ağsaqqallığında. Amma Anar və onun kimi vəzifədən əl çəkməyənlər neynir? Bu yaşda hələ də postunu qoruyur, hətta Millət Vəkili olmaq istəyir...

Olsun, biz sözümüz yox. 

Milli Məclisdə ağsaqqal da olmalıdır. Amma Millət Vəkili deyil, Parlamentin Ağsaqqal Şurası olsun, orda otursunlar və dövlətə, millətə dəstək olan qərarların hazırlanmasında bilik və bacarıqlarını əsirgəməsinlər, təklif versinlər, hörmətli izzətli qalsınlar.

Kim deyir ki, ağsaqqallar pisdir və ya onları uzaqlaçdırın. Hər bir ailədə, obada ağsaqqallarımıa var və onlara böyük hörmətimiz də var.

Amma 80 il öz kefində damağında olan, xalqı üçün, eli, obası üçün ağlamayan birinə ağsaqqal deyilməz... Ona yalnız ailəsi böyük kimi hörmət edər və ya ona yalnız yaşlı insan olaraq hörmət edilər. Yer verilər, küçə keçəndə əlindən tutular və sairə... 
Xalqın ağsaqqalı gəncliyindən qocalığa qədər gələndir, edəndir və ağsaqqlıdır. 
Anar belədirmi? Anar nə zaman hansısa haqsızlığa fikir bildirib, hansısa haqlı etiraza "mən yazıçı olaraq, ağsaqqal olaraq dəstək verirəm" deyib? 
Olubmu? 

Mən sən, o Anara necə xalq üçün ağlayan ağsaqqal deyək? 

Allah ömür versin, 150 il yaşasın... Biz Allahın işinə qarışa bilmərik. Amma insanlar uman yerdən küsür. Xalqın sözünü, şair deyər, yazıcı deyər, alim deyər, professor deyər, akademik deyər, ağsaqqal deyər. Xalq bu titullların hamsını Anara verib, bəs Anar bu xalqa nə verib?

Ağsaqqalı səsvermə ilə, bülletən atmaqla, karusel əməliyyatları ilə seçmirlər, ağsaqqal əməlləri ilə, dürüstlüyü ilə, xalqın sevgisi ilə seçilir...

Ədil Hüseynov