Senator və konqresmenlərdən Blinkenə Bakı ilə bağlı müraciət - Siyasi məhbusları azad etmək üçün...

Cmə axşamı 60-a yaxın amerikalı qanunverici  dövlət katibi Entoni Blinkinə müraciət edərək COP29 iqlim sammitinə qədər siyasi məhbusları azad etmək üçün Azərbaycan prezidenti İlham Əliyevə təzyiq göstərməyi xahiş edib.

Arasında 10 senator və 48 konqresmenin olduğu qanunvericilər Blinkeni Azərbaycanı siyasi məhbusların azad edilməsi üçün "real tədbirlər" görməyə məcbur etməyə və Ermənistana qarşı "sülh danışıqlarını pozma riski" daşıyan təxribatçı bəyanatları pisləməyə çağırıblar.

"Biz Dövlət Departamentini COP29-da uğurlu diplomatiya üçün daha əlverişli mühit yaratmaqdan ötrü etnik ermənilər də daxil olmaqla, bütün siyasi məhbusların, girovların və hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə nail olmağa çağırırıq", - məktubda deyilir.

Bu arada Azərbaycan prezidenti İlham Əliyev bu müraciətə cavab verib.

“Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət etmişdir. Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.

Bizimxeber.az bildirir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.

Dövlət başçısı deyib: “O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, özləri özlərinə məktub yazırlar, bizi hədələmək üçün, bizi ittiham etmək üçün”.