Ruslar Avropaya heç bir əşya apara bilməyəcək – Sanksiyalar sərtləşdirilir


Avropa Komissiyası Rusiyaya münasibətdə sanksiya qanunvericiliyinin şərhini təsdiqləyib. Bundan sonra Rusiyada qeydiyyatda olan avtomobillərin Avropa İttifaqı (Aİ) ölkələrinə girişi qadağan olunmuş idxal kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, indiyə qədər Almaniyaya daxil olmaq istəyən Rusiya vətəndaşlarının avtomobillərin gömrükdə saxlanılması ilə bağlı bir neçə məlumat yayılıb. Gömrük işçiləri Aİ-nin sanksiya standartlarına istinad ediblər. Lakin digər Avropa ölkələrində belə hallar qeydə alınmayıb və yalnız Almaniyada bir neçə belə hal məlumdur. Avropa Komissiyasının dəqiqləşdirməsindən belə çıxır ki, mövcud sanksiyalar rejiminə əsasən, Rusiyada qeydiyyatdan keçmiş avtomobillərin Aİ-yə daxil olması qadağan olunmuş idxal hesab edilə bilər.

“Nəqliyyat vasitəsinin şəxsi və ya kommersiya məqsədləri üçün istifadə olunmasının fərqi yoxdur, əsas odur ki, Rusiyadan gəlir və ya ondan ixrac olunur. Bu qayda rus nömrələri ilə və Rusiyada qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə aiddir”, – Avropa Komissiyasının sənədində deyilir.

Sözügedən sənəddə Rusiyadan Aİ-yə idxalı qadağan edilən malların siyahısı verilib. Məlum olur ki, Aİ ölkələrinin gömrük orqanları təkcə avtomobilləri deyil, rusların şəxsi əşyalarını da Avropa Birliyinə buraxmaya bilər. Bura noutbuklar, smartfonlar, kameralar, kosmetika, çamadanlar və tualet kağızı və s. əşyalar daxildir.

Qeyd edilir ki, Avropa Komissiyasının izahatları rəsmi saytında dərc olunsa da, məsləhət xarakteri daşıyır, çünki yalnız Avropa Məhkəməsi Aİ qanunvericiliyini şərh etmək səlahiyyətinə malikdir. Gömrükçülərin bu izahatları praktikada nə dərəcədə rəhbər tutacaqları bəlli deyil. Bununla belə, Rusiyanın Finlandiyadakı səfirliyi artıq vətəndaşlara Rusiya nömrəli avtomobillərlə bu ölkəyə getməmək barədə tövsiyə verib.