“Crocus City Hall”dakı terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə, Kiyevin tamamilə ABŞ-ın nəzarətində olduğu hamıya məlumdur.
“Onlar bizə sırımağa çalışırlar ki, terror aktı Kiyev rejimi tərəfindən deyil, radikal islam ideologiyasının tərəfdarları, ola bilsin ki, İŞİD-in Əfqanıstan qolunun üzvləri tərəfindən törədilib. Lakin bu iyrənc cinayətin sifarişçisi və sponsorunun kim olduğunu tez bir zamanda müəyyən etmək daha vacibdir. Onun izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır. Hər kəs yaxşı bilir ki, Kiyev rejimi müstəqil deyil və tamamilə ABŞ-ın nəzarətindədir”, – deyə Patruşev vurğulayıb.
O, “Crocus”da törədilən terror aktında İŞİD-in rolu ilə bağlı da danışıb. Qeyd edib ki, bu və digər terror təşkilatlarının ABŞ tərəfindən yaradıldığını nəzərə almaq lazımdır. Patruşev hələ martın 7-də ABŞ və Böyük Britaniya səfirliklərinin Moskvada terror aktları təhlükəsi ilə bağlı xəbərdarlıqlar yaydıqlarını xatırladıb.