“Quska” həbsdə aclığa başlayıb

Altı illik həbs müddətinin başa çatmasına az qalmış yeni ittihamla cinayət məsuliyyətinə cəlb edilən sabiq deputat Hüseyn Abdullayev aclıq aksiyasına başlayıb.

Bu barədə “Qafqazinfo”ya onun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil deyib ki, H.Abdullayev ona qarşı irəli sürülən yeni ittihama etiraz olaraq saxlanıldığı Bakı İstintaq Təcridxanasında aclıq edir: “Aksiyanın digər səbəbi də müvəkkilim barəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun 24-28 avqust 2020-ci il tarixdə keçirdiyi 88 saylı sessiyasında qəbul etdiyi qərarın icra edilməməsidir. Həmin qərara əsasən, onun BMT-nin Cenevrə Konvensiyasına uyğun olaraq siyasi sığınacaq pasportu olmasına və təqib olunduğu ölkəyə verilməsi qadağan olunduğu halda heç bir deportasiya, ekstradisiya qərarı olmadığı halda faktiki olaraq oğurlanaraq 21 aprel 2018-ci ildə Türkiyədən Azərbaycana gətirilməsi, onun burada məhkum edilməsi qanunsuz hesab edilib, onun azadlığa buraxılması tələb olunub”.

Cavad Cavadov qeyd edib ki, Hüseyn Abdullayevin aclıq etməsi ilə bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə məlumat verilib.

Qeyd edək ki, Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Onun haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.