Qəzzada qaçqın düşənlərin sayı 1,7 milyona çatıb - BMT

Qəzza zolağında məcburi köçkünlərin sayı 1,7 milyon nəfərə çatıb.

Bizimxeber.az bildirir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.

OCHA hesabatında deyilir ki, Qəzzada 1,7 milyondan çox insanın məcburi köçkün olduğu təxmin edilir, o cümlədən 900,000-ə yaxın insan ən azı 154 UNRWA (BMT Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi) sığınacaqlarında qalır. 

Qeyd edilir ki, UNRWA sığınacaqlarında hazırda tutumlarından çox insan yaşayır və davam edən gəlişləri qəbul edə bilmir. İsrail oktyabrın 7-də səhər Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə nüfuz ediblər.

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı Əl-Əqsa Tufanı əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başladığını elan edib. 

Münaqişənin kəskinləşməsi fonunda bir sıra dövlətlər öz vətəndaşlarını İsraildən çıxarmağa başlayıblar.