Xəbər verdiyimiz kimi, iyunun 2-də Tovuz rayonunun Hunanlar kəndindəki körpüdən avtomobillə Kür çayına düşən 3 nəfərin axtarışları hələ də davam etdirilir.
Çaya düşən dörd dostdan sudan çıxaraq xilas ola bilən yeganə şəxs Turqut İbrahimovdur.
O, hadisə günü başlarına gələnlər barədə Baku TV-yə danışıb: “Balıq tutmaq üçün getmişdik, tuta bilmədik. Axşam getmişdik. Heç bir saat qalmadıq, qayıtdıq. Evə gələndə qarşımızdakı yol bir anlıq yoxa çıxdı, görmədik. Mən arxada oturmuşdum. Sürücü içkili deyildi, biz isə içmişdik. Heç nə hiss etmədik, bir də gördük ki, sudayıq.
Maşın çayda fırlanaraq məni suya atdı. Birtəhər üzməyi bacardım, sudan qırağa çıxdım. Batdığımız yerə gəlib bizimkiləri səslədim. Kolluğa baxdım, amma heç kim yox idi. Yaxınlıqdakı fermadan yardım istədim, çünki telefonum suya düşmüşdü. Mühafizə gəldi, tibbi yardım göstərdilər. Təcili tibbi yardım gələndən sonra isə məni xəstəxanaya çatdırdılar”.