Atalar deyib: Allah dərdi çəkənə verər. Azərbaycanda yaşayıb, bu misalı hər gün öz dərdimiz kimi hiss etməmək mümkünsüzdür. Elə bil, bu sözlər elə bizim məmləkət üçün yazılıb. Bir xalqın dərdi ölkəsindən böyük olar?
Bəli, Azərbaycanda bu mümkün. Ölkəmizdəki qəribəliklər o qədər çoxdur ki, dünyada öz analoqu olmayan bir cəmiyyət yaratmışıq.
Azərbaycanda alimlərin yaltaqlıqda, ziyalıların ikiüzlülükdə, müəllimlərin isə bülleten fırıldaqlarında elə bir ustalığı var ki, sanki hərəsi bu sahədə elmi dərəcə alıb. Jurnalistlər isə tamamilə ələbaxan bir vəziyyətə gəliblər.
Hər şeydən ironiya doğur: alim yaltaqlıq edir, müəllim vicdansızlıqla məşğul olur, amma hamı bir-birinə hörmət göstərir. Təsəvvür edin ki, ölkədə yaltaq alimlərə və öz zəhməti ilə çörək qazanan yazıq hamballara da eyni hörmət bəslənilir.
Daha qəribə olan, ölkədən çıxıb istirahətə gedəndə, həmin o məşhur "Niaqara şəlaləsi" fonunda şəkil çəkdirib paylaşmaqdır. Dost da görsün, düşmən də, ki biz haradaydıq, su damcıları üzümüzə necə dəyir.
Elə bil bu, bir status məsələsidir. Azərbaycanda əsas qayda budur: hamı görsün ki, sən hardasan və nə ilə məşğulsan. Şəkillərin arxasında duran həyatın özü maraqsız ola bilər, amma görüntü hər şeydir.
Cəmiyyətimizin başqa bir qəribəliyi də var: şərəfsiz adamın ağız dolusu şərəfdən danışması. Daha pis olan odur ki, bu yalanlara qulaq asıb, ona inananlar var. Heç kimin cəsarəti çatmır ki, belə adamlara desin ki: bəsdir, özünü insanlara doğru göstərmə! Sən elə pozğunsan! Əksinə, onu alqışlayır, bir də şəkil çəkdirib sosial şəbəkələrdə paylaşırıq. Cəmiyyətdəki bu ikiüzlülük, yalan və təəssüflər olsun ki, alqışla qarşılanır.
Biz də təbii ki, boş dayanmırıq. Pozğun adamların paylaşdığı videoları təkrar-təkrar yayıb müzakirə edirik. Guya onlara qarşı çıxırıq, amma hər dəfə bir daha onların zibil işlərini özümüzə dərd edib danışırıq. Halbuki, bu cəmiyyətə dəyər verənlər heç bu cür adamlara bir saniyə belə vaxt itirməzlər. Amma biz yox! Biz bu insanları müzakirə etməyə can atırıq.
Neft ölkəsi olub, elektrikli maşınlar üçün gömrük rüsumunu endirmək – bu, Azərbaycan üçün tamamilə normal bir qərardır. Dünyanın hər yerində gülüş doğuracaq bu qərar, bizdə "daha bir irəliləyiş" kimi təqdim edilir. Yəni, neftdən pul qazanıb, eyni zamanda neftin istifadəsini azaltmağa çalışmaq məntiqli deyilmi? Yox, əlbəttə ki, deyil!
Daha bir qəribəlik – öz telekanallarımıza baxmırıq, amma xarici kanallarda dilini başa düşmədiyimiz filmlərə saatlarla baxırıq. Nə üçün? Bu da bizim xalqımızın bir başqa fenomeni. Dilimizə hörmət etdiyimizi deyirik, amma başqa mədəniyyətlərin təsiri altında qalmışıq.
Metroda sıxlıq var. Biz də həmin sıxlıqdayıq, amma ağız dolusu soruşuruq: bu qədər adam haradan gəlib? Elə bil, özümüz o adamlardan biri deyilik.
Bəli, elə bir qəribə məmləkətdir ki, şərəf məfhumu burada çox zaman tamamilə baş-ayaq olur. Şərəfsizliklə gündəmə gələnlər, efirdən şərəf dərsi keçməyə başlayır. Və maraqlısı odur ki, bu insanlar həqiqətən də diqqətlə dinlənilir. Hər kəs gözlərini ekrana dikib, "şərəfdən" bəhs edən bu şəxsin "məsləhətlərini" izləyir. Axı kim ona deyə bilər ki, “bəsdir, özünü yalandan düzgün biri kimi göstərmə”? Hünəri olan da yoxdur, çünki sosial status, efirdə olmaq – hər şeydən vacibdir.
Üstəlik, bu "dərs" keçən şəxsə əl çalırıq, alqışlayırıq, hətta bir şəkil də çəkdirib paylaşırıq ki, bəs bu da bizim dəyərli şərəf "müəllimimiz"dir.
Onun təlimatlarına əməl etmək vacibdir! Sosial şəbəkələrdə dolaşan şərəfsizlərin videolarını paylaşırıq, müzakirə edirik, sanki bunlar cəmiyyətin ən vacib problemlərindən biridir. Daha doğrusu, onlara cəmiyyətin gözündə süni dəyər qazandırmağa çalışırıq, halbuki o şəxslərin təklif etdiyi dəyərin özü belə sual altındadır.
Bir daha paylaşır, bir daha müzakirə edirik. Hər paylaşımda, hər müzakirədə onları bir daha "önəmli" edirik.
Bəli, qəribəliklərimizdən biri də budur ki, uşağımıza dərs öyrətməyən müəlliməyə hörmət edirik, hətta bayramlarda ona hədiyyələr alırıq. Sanki bu hörmətin səbəbi onun dərs öyrətmək qabiliyyəti deyil, sadəcə müəllimə statusuna malik olmasıdır. Məktəbdə uşağın savadsız qalması o qədər də əhəmiyyətli deyil, amma müəlliməyə hörmətsizlik etmək? – Yox, bu qəbuledilməzdir!
Və bir də kim deyə bilər ki, "axı sən dərs öyrətmirsən, niyə hörmət və hədiyyə qazanırsan?" – heç kim. Çünki bu, bizim cəmiyyətin sarsılmaz bir qaydasıdır. Müəllimdirsə, nə olur olsun, hörmət etməliyik.
Azərbaycan qəribəliklər məmləkətidir. Hər sahədə bir ziddiyyət, hər yerdə bir qəribəlik. Bu ölkənin axırını görmək üçün çox yaşamaq lazımdır. Təki, Allah bizə bu səhnəni görməyi nəsib etsin!
Ədil Hüseynov