"Nə apardı?", yoxsa "necə yaşadı?"

Mənim tərbiyəmə görə, ölənə rəhmət deyərlər. Hərçənd ki, o "rəhmət" sözünün dünyasını dəyişən adama nə verib, vermədiyini  yaxşı bilirəm. Açığı bu mövzunu müzakirə etmək istəmirəm. Çünki, çox yorucudur
Amma onu dəqiq bilirəm ki, xalqın malını talayaraq var dövlət sahibi olan, kef içində yaşayan, vəzifəsini itirmək qorxusu ilə xalqın gələcəyinin məhvinə hesablanan qərarlara "hə"deyən və sonda elə mənim kimi, hamı kimi ölən adamın arxasınca "nə oldu?, nə apardı?" deyənlərin başında bir əmma görürəm.
Nə apardı?..
Guya, sən nə aparacaqsan? 

Sən hələ anlamamısan ki, o yaşadı, ömrünü kef içində sürdü öldü, sən yaşamadın, sürünə-sürünə öldün. Bu fərq deyil?
Hə, bəzən deyirlər, o dünyada falan filan olacaq... Hansı dünyada? Sən bu dünyada yaşadın ki, o dünyanın dərdini çəkəsən? 
Ola bilər, indi kimsə desin kiI, bu o dünyaya inanmır... İnanıram, amma bu dünyaya daha çox inanıram. 
Çünki indi burdayam və gözümün qabağında məmurların, xalqın haqqını zəli kimi sovuranların kef çəkdiyini öz gözlərimlə görürəm. Görürəm ki, axırda həmin adam öləndə dəfnə minlərlə adam gedir, halal zəhməti ilə yaşayan adam öləndə 10 adam tapılmır. Görürəm ki, o öləndən sonra övladları da yağ-bal içində yaşayır, amma haqqı yeyilmiş yetimin oğlu atasına ehsan vermək üçün borc axtarır...
İndi bununla özünüzə təsəlli versiz? Budur sizin təsəlliniz? - "Nə apardı?"...
Adam super şəraitdə yaşadı və yaşaya bilməyən sənin kimi öldü. Eyni qəbir, eyni kəfən, eyni torpaq. Amma o səndən fərqli olaraq həyatını kefdə damaqda, istirahətlərdə, dünyanı gəzməklə keçirdi, sənsə, mənsə qarışqa kimi ...
Yəni, sözümün canı odur ki, belə sözlərlə özünüzə təsəlli verməyin. Hər kəs haqqı olanı almalı, ona verilmiş ömrünü normal yaşamalı və ölüb getməlidir, yox olmalıdır. Haram yeyən adamların o dünyada yeri bilmirəm haradır, amma bu dünyada cənnətdir. Bunu da görmürsüz?

Ədil Hüseynov
Bizimxeber.az-ın baş redaktoru