Nazir generalın həbsdən azad olunan bacı oğluna vəzifə verdi (FOTO)

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunub. 

Bu barəd əuniversitetdən məlumat verilib.

Qeyd olunub ki, səhiyyə naziri Teymur Musayevin əmri ilə bu vəzifəyə İmran Ağayev təyinat alıb. Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.

Qeyd edək ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğlu İmran Ağayev FHN-nin Modul tipli Hospitalının sabiq baş həkimi işləyib. O koronavirus xəstələrinin FHN hospitalının "VIP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib.

2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə, bu il aprelin 22-də onun cəza müddətinin üçdəiki hissəsi tamam olub və İmran Ağayev azadlığa buraxılıb.