"Navalnı Rusiyada Putin rejiminin ilk qurbanı deyil".
Bizimxeber.az bildirir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitri Kuleba rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünü şərh edərkən deyib.
Xarici işlər naziri öldürülən digər Kreml tənqidçilərinin - xüsusən də jurnalist Anna Politkovskaya, siyasi məhbus Sergey Maqnitski, keçmiş kəşfiyyatçı Aleksandr Litvinenko və müxalifət lideri Boris Nemtsovun adlarını sadalayıb: "Bunlar Putinin öldürdüyü tənqidçilərin uzun siyahısındakı ən məşhur adlardan sadəcə bəziləridir. Hər qətldən sonra qəzəb var idi, lakin Putin sonda bundan yaxa qurtardı və dünya liderləri yenidən onun əlini sıxdı. Bu, onu insanları öldürməyə davam etməyə təşviq etdi".
Bu kontekstdə o, “Putini dinləyin və onunla danışıqlar aparın” kimi fərdi çağırışları xatırladıb: "Sadəlövhlüyə son qoymağın vaxtı çatıb. Moskva ilə hər hansı mənalı əlaqəyə başlamazdan əvvəl Rusiya Ukraynada məğlub olmalı və Putin nəhayət ki, bundan dərs almalıdır".
Bu arada Avropa Birliyi və ABŞ-ın vitse-prezidenti Kamala Harris Navalnının ölümündə Rusiya rejimini günahlandırıb.