Navalnı haqqında sənədli film Oskara namizəd oldu

Rusiyalı müxalifətçi Aleksey Navalnı haqqında çəkilən sənədli film Oskar mükafatına namizəd oldu.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, film rejissor Daniel Roer tərəfindən çəkilib və CNN Films və HBO Max tərəfindən istehsal olunub. 

Film siyasətçinin 2020-ci ilin avqustunda Berlindəki "Charite" klinikasında komadan çıxdığı andan 2021-ci ilin yanvarına - Rusiyaya qayıdana qədər olan dövrü əhatə edir.

Daniel Roer üç ay Almaniyada rusiyalı müxalifətçi, ailəsi və həmfikirləri ilə birlikdə olub, siyasətçi müalicə olunarkən onu izləyib. Film komandası 500 saata yaxın kadrlar çəkib.

Navalnının özü bildirib ki, filmin çəkilişi ilə bağlı qərar Berlin xəstəxanasında verilib. Filmin təsvirində Navalnı “vətənində islahatlar aparmaq üçün hər şeyi qurban verməyə hazır olan cəsarətli və mübahisəli prezidentliyə namizəd” kimi göstərilib.