Müxalifət Akşenerə görə iclas vaxtını dəyişdi

Martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” iclas keçirib. Toplantıda onların sözügedən namizədlə bağlı ortaq razılığa gəldikləri, namizədin adının isə martın 6-sı keçiriləcək növbəti iclasda elan ediləcəyi bildirilirdi.

Bizimxeber.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, “altılı masa”ya daxil olan İYİ Partiyanın sədri Meral Akşenerin “masa”nı tərk etməsi ilə iclasın vaxtı da dəyişib. Belə ki, digər 5 lider bu gün Türkiyə vaxtı ilə 17:00-da bir araya gələcəklər.

Xatırladaq ki, martın 2-si keçirilən iclasda 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.