Müsavat Partiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması ilə əlaqədar bəyanat yayıb.
Bizimxeber.az bildirir ki,Müsavat Partiyasının bəyanatında deyilir:
Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması ilə əlaqədar Müsavat Partiyasının bəyanatı:
1993-cü ildən başlayaraq Azərbaycanda keçirilən ümummilli seçkilərin və referendumların heç birində demokratik seçkilərin əsas şərtlərinə əməl edilməyib. Belə ki:
⁃ ölkədə bir qayda olaraq seçkilərin azad və ədalətliliyini təmin edən seçkiqabağı demokratik şərait mövcud olmayıb,
⁃ seçki qanunvericiliyi demokratik standartlara cavab verməyib, seçki komissiyaları iqtidarın nəzarəti altında olub,
⁃ seçki kampaniyası dövründə iddiaçı tərəflərin bərabərhüquqlu təbliğat imkanları təmin edilməyib,
⁃ səsvermə və səslərin sayılması prosesi kobud qanun pozuntuları və kütləvi saxtakarlıqla müşayət olunub.
Bütün bunlar azmış kimi, son illərdə siyasi hakimiyyət öz “qələbəsini” asanlaşdırmaq məqsədilə növbədənkənar seçkilər praktikasından istifadə edir.
Ölkə başçısı İlham Əliyev, bunun səbəbləri barədə cəmiyyətə hər hansı izahat vermədən, 2024-cü il fevralın ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.
Hakimiyyət bu qərarla siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin, eləcə də potensial müşahidəçi missiyalarının seçkilərə hazırlaşmaq imkanını minimuma endirib. Seçki kampaniyasının tətillərin çox, günlərin qısa, havanın soyuq dövrünə düşməsi əhalinin seçki prosesində aktivliyinin azalmasına səbəb olacaq ki, bu da seçkini formal bir prosedura çevirmək istəyən hakimiyyətin maraqlarına uyğundur.
Seçkilər ərəfəsində ölkədə repressiyaların yeni dalğasına rəvac verilməsi, siyasi fəalların və jurnalistlərin həbsi hakimiyyətin bu dəfə də demokratik seçki keçirmək niyyətinin olmadığını bir daha təsdiq edir.
Müsavat Partiyası Azərbaycan hakimiyyətindən seçkilərin keçirilməsi üçün demokratik mühitin yaradılmasını, bütün siyasi məhbusların azad edilməsini, sərbəst toplaşma, söz və ifadə azadlığının, seçki komissiyalarında iddiaçı tərəflərin təmsilçiliyinin təmin olunması tələb edir.
Müsavat Partiyası Azərbaycan hakimiyyətindən bu şərtlərə əməl etməyi, seçkilərin bərabərhüquqlu siyasi rəqabət şəraitində keçməsini əngəlləyən bütün məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.