Azərbaycanın mebel istehalçısı olan "Embawood” şirkətin barəsində inzibati iş başlanıb.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə ittiham olunur.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və hakim Rəşad Cavadzadənin icraatında verilib. 347-ci maddədə vəzifəli şəxslərin 150 manat, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.
1996-cı ildən fəaliyyət göstərən "Embawood” şirkətinin təsisçilərindən biri Milli Məclisin deputatı Məşhur Məmmədovdur. O, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsindən mandat qazanıb.