Gürcüstanda “Limon” reklam şirkətinin təsisçisi Giorgi Okmelaşvili barəsində həbs qətimkan tədbiri seçilib.
Bizimxeber.az bildirir ki, artıq Tbilisi şəhər məhkəməsi prokurorluğun vəsatətini təmin edib və o, mayın 15-də polis əməkdaşına qarşı zorakılıq ittihamı ilə həbs edilib.
Giorgi Okmelaşvili “Agentlər haqqında qanun”un qəbuluna etiraz edən minlərlə insandan biridir. O, mayın 15-də işə gedərkən polis tərəfindən yaxalanıb.
Həbsdən sonra Daxili İşlər Nazirliyi video çəkilişi əlavə edərək bəyanat yayıb. Bu açıqlamaya görə, Giorgi Okmelaşvili polisə hücum ittihamı ilə həbs edilir və bu, 7 ilə qədər həbs cəzası nəzərdə tutur.
“Agentlər haqqında qanun” parlamentə qaytarıldıqdan sonra 2024-cü ilin aprelindən Gürcüstanda etirazlar səngimir.
Polis qüvvələri nümayişçilərə qarşı dəfələrlə xüsusi vasitələrdən və fiziki gücdən istifadə edib ki, bu da yerli insan haqları təşkilatlarına və Qərb dövlətlərinə görə qeyri-mütənasib olub. Fəalların və siyasətçilərin ağır döyülməsi faktları da var.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən səlahiyyətdən sui-istifadə/zorakılıq halları ilə bağlı bir sıra araşdırmalara başlanılıb. İddia edilən zorakılıqda şübhəli bilinən polis əməkdaşlarından hər hansı birinin şəxsiyyətinin müəyyən edilib-edilmədiyi məlum deyil.