Aprelin 3-də Bakı Apellyasiya Məhkəməsi “Toplum” TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılmasından imtinaya dair şikayəti təmin etməyib.
Vəkil Aqil Layıc Turan-a bildirib ki, prosesdə Məmmədli özü də iştirak edib.
«O dedi ki, ev dustaqlığı azadlıq üçün yox, həyat üçün vacibdir. Qalxanabənzər şişin böyüdüyünü hiss edir və boğulma yaradır", - vəkil deyib.
Onun sözlərinə görə, Məmmədlinin təcili müayinə və müalicəyə ehtiyacı var, lakin hələ də biopsiya üçün nümunələr götürülməyib. "Heç olmasa Ədliyyə Nazirliyinin tibb müəssisəsinə köçürülməsilə bağlı müraciətlərimiz cavabsız qalır", - Layıc deyib.
Öz növbəsində Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli qardaşının vəziyyətindən narahatlığını bildirib. "Onda vaxtaşırı boğulma tutmaları olur. Müalicənin gecikməsi şişlərin böyüməsinə, metastazlara və həyati təhlükəyə səbəb ola bilər", - o deyib.
Penitensiar Xidmətdən və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən şərh almaq mümkün olmayıb.
*Xatırladaq ki, martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib, iki nəfər polis nəzarətinə verilib.