Makron ABŞ-la münasibətləri korlayır - Fransa üçün ağır dönəm başlayır


"Amerika şirkətlərinə subsidiyaların verilməsini nəzərdə tutan inflyasiya və iqlim haqqında yeni Amerika qanunu (The Inflation Reduction Act, IRA) Qərb ölkələri arasında münasibətlərə mənfi təsir göstərəcək".

Bizimxeber.az bildirir ki, bu barədə "Financial Times" Fransa prezidenti Emmanuel Makronun fikirlərinə istinadən məlumat yayıb.

“Son bir neçə ayın tədbirləri, xüsusən də son qanun Qərbi parçalayacaq addımlardır. Biz siyasi gündəliyimizi koordinasiya etməli və yenidən baxmalıyıq”.

Makron bildirib ki, ABŞ bu qanunlarla öz problemlərini həll edir, əvəzində Avropa ölkələri üçün yeni və daha ciddi problemlər yaradır. 

Qeyd edək ki, istehsal gücünün Avropadan ABŞ-a ötürülməsi ən çox Fransa hakimiyyətini narahat edir.  Bu qanunu  Amerika sərmayəsinin Avropaya repatriasiyası adlandırırlar.

Bloomberg mənbələri bildirirlər ki, Almaniya “transatlantik ticarət müharibəsi” təhlükəsindən və Makronun onu başlatması riskindən qorxurlar.

Almaniya kansleri Olaf Şolz hesab edir ki,  Aİ ABŞ-a öz sənayesinə artan dəstəklə cavab verməlidir və Vaşinqtonla münaqişə strateji səhv olar. Həmçinin bu məsələdə ortaq mövqenin olmamasını Fransa ilə Almaniya arasında fikir ayrılığının əlaməti adlandırmaq olar.

Bu arada Avropa Komissiyası Aİ ölkələrini IRA məsələsində birləşməyə çağırıb və ABŞ-ın öz hərəkətlərində tələsiklik nümayiş etdirmədiyini, tərəflərin konkret həll yolları axtardığını bildirib. 

AK əsas sənaye sahələrini dəstəkləmək üçün suveren fond hazırlayır və bu fond borc vəsaitləri hesabına maliyyələşdiriləcək. Eyni zamanda, onlar hesab edirlər ki, subsidiyaların qlobal yarışı zərər verə bilər.

Bizimxeber.az