KİV: Ukrayna hökumət dəyişikliyinə hazırlaşır - Yeni baş nazir qadın ola bilər

Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəsmiləri mümkün hökumət dəyişikliyinə hazırlaşır.

Bu barədə "Ukrayinska Pravda" yazıb. 

Dörd il - rekord müddətə bu postu tutan Denis Şmıqalın yerini onun müavini və əvvəllər prezident aparatının rəhbəri Andrey Yermakın komandasında çalışmış iqtisadiyyat naziri Yuliya Sviridenko tuta bilər.

"Ukrayinska Pravda" bunun üçün bir neçə səbəb göstərir. Prezident və baş nazirlə görüşlərdə iştirak edən rəsmilər bildiriblər ki, Zelenski və Şmıqal arasındakı münasibət prezidentin Silahlı Qüvvələrin baş komandanı vəzifəsindən istefa verməzdən əvvəl Valeri Zalujnı ilə münasibətini xatırladır. Qəzetin yazdığı kimi, dövlət başçısı baş nazirə demək olar ki, məhəl qoymur və açıq-aşkar qıcıqla dinləyir. Qəzetin yazdığına görə, Şmıqal prezidentlə emosional əlaqəni itirməyə yaxındır.

İkinci səbəb hökumətdən müsbət xəbərlərin olmamasıdır. "Müsbət hekayələrin" əksəriyyəti beynəlxalq tərəfdə, müttəfiqlərə hərbi dəstək və maliyyələşdirmə mövzusundadır. "Yalnız neqativlik" ölkə daxilində hökumətin cavabdeh olduğu fəaliyyətlərdən irəli gəlir. Bu, defolt təhlükəsinə, iqtisadi problemlərə və enerji sektorunda çökməyə aiddir.

Üçüncü səbəb prezident aparatının islahatlarla bağlı BVF və digər Qərb strukturları ilə razılaşma və memorandumların şərtlərini dəyişdirmək istəyi ola bilər. Sənədləri hökumət nümayəndələri imzalayıb. "Ukrayinska Pravda"ın mənbəsi hesab edir ki, baş nazir Ukrayna rəhbərliyi ilə daim nəyisə istəyən və tələb edən Qərb tərəfdaşları arasında gərgin münasibətlərin ortasındadır.

Nəşrin məlumatına görə, Denis Şmıqal Ali Radada "Xalqın qulluqçusu" fraksiyasının rəhbəri David Araxamiyanın komandasının üzvüdür. Prezident aparatının rəhbəri Andrey Yermakın baş nazir postunda öz adamını görmək istədiyi iddia edilir. Ona görə də baş nazir postuna yeganə namizəd Yuliya Sviridenkodur.