İsveçrədə pensiyaların azaldılması təklifi rədd edildi

İsveçrədə keçirilən federal referendumda iki mühüm qanun layihəsi səsverməyə çıxarılıb.

Bizimxeber.az bildirir ki, onlardan biri ölkənin pensiya sisteminin ikinci komponentinin (BVG) islahatı və “biomüxtəlifliyin qorunması” təşəbbüsüdür.

Hər iki təklif səsvermə nəticəsində rədd edilib.

Pensiya islahatı təklifi İsveçrənin üç komponentli pensiya sisteminin “ikinci sütunu”na, yəni işəgötürən və işçi tərəfindən maliyyələşdirilən peşə yığım pensiya planına aid idi.

İslahat, konversiya faktorunun azaldılmasını nəzərdə tuturdu ki, bu da ölkədə orta ömür uzunluğunun artması ilə əlaqələndirilirdi. Lakin solçu partiyalar və həmkarlar ittifaqları islahata qarşı çıxaraq, bunun insanların pensiya məbləğini azaldacağını və maliyyə sektorunun əlavə mənfəət əldə edəcəyini iddia etdilər. Səsvermənin nəticələrinə əsasən, islahatın əleyhinə seçicilərin 67,1%-i çıxıb, cəmi 32,9%-i lehinə səs verib.

Ekoloji təşəbbüs isə biomüxtəlifliyin qorunması məqsədilə təbii resursların qorunmasını və əlavə maliyyə dəstəyini tələb edirdi. Lakin bu təşəbbüs də seçicilər tərəfindən dəstəklənmədi. Onun əleyhdarları kənd təsərrüfatı, turizm və enerji sektoruna mənfi təsirlərinin olacağını bildirirdilər. Səsvermə nəticələrinə görə, təşəbbüsün əleyhinə seçicilərin 63%-i çıxıb, 37%-i isə lehinə səs verib.

Qeyd edək ki, mart ayında keçirilən başqa bir referendumda İsveçrə seçiciləri ahıllar üçün pensiya ödənişlərinin artırılmasını təsdiqləmişdilər.